ŞəbəkəCavad Mikayil

VPN Nədir? Necə İşləyir?

Bu yazıda çox texniki mövzulara toxunmadan VPN (Virtual Private Network – Virtual Şəxsi Şəbəkə) və VPN xidmətlərindən harada və hansı məqsədlə istifadə edildiyi barədə bəzi məlumatlar verməyə çalışacağıq.

CCTV Təhlükəsizlik Kameraları

VPN nədir?

Əvvəla onu deyək ki, VPN fərdiləşdirilmiş virtual şəbəkə əlaqəsidir. Yəni istifadəçi adı, parol və IP kimi müəyyən məlumatlar ilə istənilən bir nöqtədən uzaqdakı bir serverlə təhlükəsiz əlaqə yaradaraq, sanki şirkətinizin şəbəkəsinə qoşulmuş kimi işləməyə imkan verən şəbəkə xidmətidir.

VPN əlaqəsi qurduğunuz zaman hansı xidmətə qoşulmusunuzsa, artıq həmin servis üzərindən internetə daxil olursunuz. Şəbəkədə olan hər bir son istifadəçi (client) internetə gateway adlanan modem+router, router və ya firewall üzərindən sabit IP ünvanları ilə çıxır.

VPN strukturundan istifadə etməkdə məqsəd şirkət daxilindəki serverlərdən və fayl serverlərindən sanki şirkətdəymiş kimi istifadə edə bilməkdir. Eyni zamanda evimizdən şirkətin IP ünvanına təyin olunan və ya icazə verilən xidmətləri istifadə etmək imkanı verir. Evdən işləyən işçilər adətən bu texnologiyadan çox istifadə edirlər.

VPN tunel sxemi

VPN necə işləyir?

Bəs bu VPN necə işləyir? Bunu sadə şəkildə belə ümumiləşdirə bilərik: VPN bağlantınız olan xidmətin şəbəkəsinə sanki oradaymış kimi qoşulursunuz və oradakı xidmətlərdən oradaymış kimi istifadə edirsiniz. VPN serverinə qoşulduqda sizinlə həmin server arasında şəxsi tunel yaranır və internet axınınız həmin tuneldən keçməyə başlayır. Ona görə də bu tunel hansı ölkədə olursa olsun, o ölkənin internetindən istifadə edəcəksiniz və oradakı IP ünvanı üzərindən çıxacaqsınız.

Ötən illərdə pandemiya və müharibə zamanı ölkə ərazisində bütün internet provayderləri TikTok kimi bəzi sosial media saytlarına giriş məhdudiyyəti qoymuşdu. Beləliklə, bir çox ağıllı internet istifadəçiləri bir sıra proxy, remote VPN kimi alətlərdən istifadə edərək öz IP ünvanlarını dəyişib başqa ölkə üzərindən internetə çıxaraq TikTok proqramını rahat istifadə edə bilirdilər. Təbii ki, bu VPN servisinin ödəniş durumuna görə sürəti dəyişirdi, bəzilərində isə trafikdə günlük paket limiti olurdu. Bir sözlə, ölkəmizdə bir çox internet istifadəçisi VPN məntiqini başa düşmədən belə artıq kompüter şəbəkələri texnologiyalarından ən çox istifadə olunan VPN-dən istifadə edirdi.

VPN xidmətləri və təhlükəsizlik

Xaricdə VPN xidmətləri göstərən bir çox firma var. Bu xidmətlərdən birinə qoşulmaqla siz internet trafikinizi sanki oradaymış kimi həmin xidmətlər vasitəsilə birbaşa ala bilərsiniz. Əlbəttə ki, sizin internet sürətiniz öz ev və ya iş yerindəki router-dən internetə çıxdığınız zaman olan o güclü sürət olmayacaq, çünki internet trafikiniz artıq ISP-dən gəlmir (ISP – «İnternet Xidmət Provayderi», məsələn: Citynet).

Bu xidmətlərdən istifadə etməzdən əvvəl etibarlı VPN xidməti tapmalısınız, çünki söhbət sizin kimi bir çox istifadəçinin qoşulduğu eyni şəbəkədən gedir. Evinizdə və ya iş yerinizdə olan şəbəkədə sadəcə sizin və tanıyıb güvəndiyiniz adamların kompüterləri, telefonları var — dolayısı ilə 100% olmasa da, qismən təhlükəsiz bir mühitdə sayıla bilərsiniz. Amma VPN servisinə qoşulduğunuz zaman artıq VPN servisinin şəbəkəsində olursunuz və orada bir çox tanımadığınız istifadəçi olur. Ev kompüterlərinin əksəriyyətinin parolsuz və ya «12345» kimi sadə parolla açıldığını nəzərə alsaq, bu şəbəkədə çox təhlükəsiz olduğunuzu söyləmək olmaz. Xüsusən də bütün parollarınızı unutmamaq üçün masaüstündə (desktop) txt faylında saxlayırsınızsa, vəziyyət daha da risklidir! Bunun üçün ən yaxşısı hər bir proqram, sayt və servis üçün ayrı-ayrılıqda parol generatoru ilə qəliz və uzun yeni parollar yaradıb bunları parol menecerində şifrələnmiş şəkildə saxlamaqdır — bu, qismən də olsa sizi qoruyacaqdır.

Yaxşı bir ödənişli VPN bizlərə normal sürət, limitsiz və təhlükəsiz bir şəbəkə mühiti və ən əsası qismən də olsa məxfilik verəcəkdir. Yəni biz internetdə hər hansı bir sayta girsək, internet provayderimiz hara girdiyimizi görməyəcək və qadağan olunmuş saytlara rahatlıqla girə biləcəyik. Amma unutmamaq lazımdır ki, internet dünyasında heç vaxt 100% təhlükəsiz və anonim (məxfi) bir mühit yarada bilmərik — biz bu VPN-lərdən istifadə edərək sadəcə risk payını azaldırıq.

Panama və İsveç kimi ölkələrdə yerləşən bəzi VPN servisləri sizin məxfiliyinizi tam təmin etdiyini və onlar üzərindən internetə çıxdıqda bəzi məlumatlarınızı üçüncü şəxslərə vermədiyini qeyd etsə də, əgər siz bu VPN-ləri istifadə edərək bir kibercinayət törətsəniz, ölkənin hüquq-mühafizə orqanları bu VPN servisindən istifadə etdiyinizi müəyyən edib çox rahatlıqla sizin haqqınızda məlumat ala bilərlər — baxmayaraq ki, siz təhlükəsizlik və gizlilik üçün bu VPN servisinə aylıq böyük məbləğlərdə ödənişlər edirsiniz. Odur ki, bir VPN servisinə qoşulmadan əvvəl onu yaxşı araşdırın, forumlara və istifadəçi rəylərinə (feedback) baxın, istifadəçi müqavilələrinə nəzər yetirin.

VPN növləri

Korporativ mühitdə VPN növləri

Bura qədər danışdıqlarımız internetdə hər kəsin istifadə etdiyi, proxy kimi işlədilən VPN-lərdir. İş mühitində isə VPN adətən iki növdə olur: biri Remote Access VPN (IPsec, SSL VPN, L2TP, PPTP, OpenVPN), digəri isə Site-to-Site VPN (IPsec Tunnel). Remote VPN-dən adətən evdən işləyən işçilər istifadə edir ki, şirkətin daxili şəbəkəsinə daxil olub oradakı serverə qoşula bilsinlər. Site-to-Site VPN isə bir şirkətin baş ofisi ilə onun filiallarının şəbəkəsini birləşdirmək üçün istifadə olunur ki, onlar bir-biri ilə rahatlıqla data mübadiləsi apara və ortaq resurslara daxil ola bilsinlər. Bu VPN-ləri biz Mikrotik, Cisco kimi router-lərdə, FortiGate, pfSense və Palo Alto kimi firewall-larda qura bilərik. Hətta Microsoft Azure və ya Amazon AWS cloud-da OpenVPN ilə də öz VPN serverimizi qurub işlədə bilərik.

Məqaləni paylaşın

Cavad Mikayil

Cavad Mikayil

IT Manager - Network Security Engineer - PITS Technology Solutions

Bütün yazılara bax