
Bu yazıda sizlərə IT sahəsində ən çox eşidəcəyiniz məşhur şəbəkə protokollarından bir neçəsi barədə bəhs edəcəyik.
SSH
SSH (Secure Shell) şəbəkədə məhsuldar və təhlükəsiz birləşmələr təmin edən bir şəbəkə protokoludur. SSH bir kompüterdən digərinə məlumat ötürmək və ya hər hansı bir sistemə uzaqdan giriş etmək üçün istifadə olunur. SSH şifrələmə və autentifikasiya texnologiyaları ilə məlumatların təhlükəsizliyini təmin edir. SSH ilə, məsələn, kompüterimizdən Cisco router-ə uzaqdan qoşulub onu CLI vasitəsilə komandalarla idarə edə bilərik. SSH Telnet-ə nisbətən trafiki şifrələdiyi üçün daha təhlükəsiz hesab olunur.
UDP
UDP (User Datagram Protocol) sadə məlumatların ötürülməsini təmin edən sürətli bir şəbəkə protokoludur. TCP-dən fərqli olaraq, məlumat ötürərkən səhvləri düzəltmə və sıralama zəmanəti vermir. Bu da UDP-ni aşağı gecikmə müddəti tələb edən video, onlayn oyunlar və VoIP kimi tətbiqlər üçün ideal edir.
TCP
TCP (Transmission Control Protocol) internet üzərindən etibarlı və ardıcıl məlumat ötürülməsini təmin edən bir kommunikasiya protokoludur. TCP məlumat paketlərinin düzgün çatmasını təmin etmək üçün səhvlərin aşkarlanması və düzəldilməsi, paketlərin yenidən sıralanması kimi mexanizmlərdən istifadə edir. Bu da TCP-ni veb səhifələrin yüklənməsi, e-poçt göndərilməsi və fayl ötürülməsi kimi dəqiq məlumat ötürülməsi tələb edən tətbiqlər üçün ideal edir.
DNS
DNS (Domain Name System) internet üzərində domen adlarını IP ünvanlarına çevirən (və ya tam tərsi) bir sistemdir. İnsanların oxuya biləcəyi domen adlarını (məsələn, pits.az) kompüterlərin anladığı IP ünvanlarına (məsələn, 192.0.2.1) çevirərək internet üzərindən məlumatların düzgün istiqamətlənməsini təmin edir. DNS veb saytlarına və onlayn xidmətlərə asan və sürətli giriş imkanı yaradır.
FTP
FTP (File Transfer Protocol) faylların bir kompüterdən digərinə şəbəkə (internet) üzərindən ötürülməsini təmin edən bir şəbəkə protokoludur. FTP faylların yüklənməsi və endirilməsi, məlumatlara giriş və onları idarə etmək üçün asan və effektiv bir yol təqdim edir. Bir çox hostinq xidmətləri və veb serverlər saytın fayllarını idarə etmək üçün FTP-dən istifadə edir. FTP 21-ci port üzərindən işləyir, daha təhlükəsiz versiyası olan SFTP isə 22-ci port ilə.
ICMP
ICMP (Internet Control Message Protocol) internet protokolları üzərində xəbərdarlıq və diaqnostika mesajlarının göndərilməsini təmin edən bir protokoldur. ICMP şəbəkədəki qarşılıqlı əlaqə və problemlərin həllində kömək edir. Məsələn, ping icrası və şəbəkə tərəfindən qəbul olunmuş paketlərin məlumatını almaq üçün, daha çox isə troubleshooting məqsədilə istifadə olunur. Biz CMD-də ping 8.8.8.8 yazmaqla internet (WAN) şəbəkəmizi yoxlaya bilərik.



