
Günümüzdə bir çox proqram, tool və veb sayt artıq Windows mühitindən Linux-a keçir. Buna səbəb Linux distrolarının, məsələn Debian-ın, digər əməliyyat sistemlərinə nisbətən daha stabil və problemsiz işləməsidir. Ona görə də biz bir çox servisi onun üzərində qururuq.
Bu yazıda sizlərə Debian serverə CLI terminal üzərindən statik IP-ni necə təyin edə biləcəyimizi göstərəcəyik.
Sudo hüquqlarına sahib admin istifadəçinin yaradılması
İlk olaraq sizə sudo hüquqlarına sahib admin istifadəçi yaratmağı göstərəcəyik ki, SSH ilə qoşularkən root istifadəçisi yerinə bu istifadəçi adı ilə qoşulub admin privilege tələb edən işlərinizi sudo komandası və parolunuzla rahatlıqla icra edə biləsiniz.
Yeni istifadəçi yaratmaq üçün root istifadəçisi ilə login olduqdan sonra terminalda aşağıdakı komandanı icra edirik. Yeni istifadəçini yaratdıqdan sonra ona parol təyin edirik, sonra əlavə məlumatları yazıb sonda böyük "Y" deyirik.
adduser cavadmikayil1

İstifadəçini yaratdıq. İndi isə bu istifadəçini sudo qrupuna üzv edək ki, sudo komandası ilə, məsələn, serveri update etdikdə bunu edə bilmə icazəmiz olsun:
sudo usermod -aG sudo cavadmikayil1
Bundan sonra exit edib yeni istifadəçi ilə login ola bilərik. İndi isə keçək Debian-a statik IP vermə prosesinə.
Şəbəkə interfeysinin adının öyrənilməsi
İlk öncə IP ünvanını dəyişəcəyimiz Network Interface Card-ın adına baxırıq:
ip -c link show
Burada, məsələn, ens33, enp0s3 kimi adlar olur.

Mövcud konfiqurasiyanın backup-ının alınması
Daha sonra hal-hazırda olan şəbəkə ayarlarının backup-ını alırıq ki, birdən nəyisə səhv etsək, geri qaytara bilək:
sudo cp /etc/network/interfaces ~/
Konfiqurasiya faylının redaktəsi
Şəbəkə konfiqurasiyasını redaktə etmək üçün nano ilə config faylını dəyişə bilirik, cat komandası ilə isə içinə baxa bilirik. Əgər sizdə nano komandası işləmirsə, nano yükləməyi unutmayın (sudo apt-get install nano -y).
sudo nano /etc/network/interfaces
İnterfeys kartı DHCP-dən avtomatik IP aldığı üçün faylı açanda aşağıdakı kimi bir konfiqurasiya görə bilərsiniz:
# The primary network interface
allow-hotplug enp0s3
iface enp0s3 inet dhcp
Yəni "#" comment tag-i ilə bu sətri blok edə bilərsiniz:
# iface enp0s3 inet dhcp

İndi isə şəbəkə kartına ardıcıllıqla statik IP, subnet mask, gateway, domain adı və DNS veririk:
# The primary network interface
auto enp0s3
iface enp0s3 inet static
address 192.168.100.97
netmask 255.255.255.0
gateway 192.168.100.1
dns-domain tbank.cpl
dns-nameservers 8.8.8.8
Redaktədən sonra Ctrl+O ilə eyni adla üzərinə yazıb yaddaşa veririk, Enter basırıq, sonra isə Ctrl+X ilə editordan çıxırıq.

Şəbəkə servisinin yenidən başladılması
Sonda network-ə restart veririk:
sudo systemctl restart networking
Sonda IP ünvanımıza ip a və ya ifconfig komandaları ilə baxıb yoxlaya bilərik, hətta serverə reboot komandası ilə restart verib bu serverin yeni statik IP-sini ping ilə yoxlaya bilərik.



