İnfrastrukturCavad Mikayil

Linux Nədir?

Linux (və ya GNU/Linux) əslində bir əməliyyat sistemi deyil, bir əməliyyat sisteminin nüvəsidir (kernel). Bu nüvə çoxistifadəçili və çoxvəzifəli sistemlər üçün nəzərdə tutulmuş, açıq mənbəli, pulsuz və sərbəst şəkildə paylaşılan proqramdır.

Linux haqqında danışmaq üçün ilk olaraq kernel nədir, onu bilməliyik.

Kernel: əməliyyat sisteminin kompüter yaddaşına yüklənən ilk hissəsidir. Bütün əməliyyat sisteminin mərkəzini yaratdığı üçün kernelin kiçik, amma təsirli bir kodlanmağa ehtiyacı vardır. Kernel kompüterin hardware ilə software arasındakı əlaqəni yaradır. Kernel əməliyyat sisteminin bir növ ürəyidir. Kernel yaddaşın və sabit disklərin idarə edilməsi, prosessorun, həmçinin digər avadanlıqların idarə olunması ilə məşğuldur.

Linux kernelinin hardware və software arasındakı rolu

Linux GNU prinsiplərinə uyğun olaraq inkişaf etdirilmişdir. "GNU" — "GNU's Not Unix" ifadəsinin qısaldılmasıdır və sərbəst proqram anlayışını dəstəkləyən bir hərəkatdır. Bu fikir ilk dəfə 1983-cü ildə MIT universitetindən Richard Stallman tərəfindən irəli sürülmüşdür. GNU prinsiplərinə əsaslanan proqramlar adətən GPL (General Public License) lisenziyası ilə qorunur, bu da onların sərbəst şəkildə istifadə və paylanmasına imkan verir.

Linux nüvəsi GNU prinsipləri əsasında inkişaf etdirildiyi üçün bir çox halda "GNU/Linux" adlandırılır.

1991-ci ildə Linus Torvalds tərəfindən yaradılan Linux kompüter sistemlərinin işləmə prinsiplərini təmin edən və fərqli tətbiqləri dəstəkləyən bir əsasdır. Bu gün Linux fərdi kompüterlərdən superkompüterlərə, mobil cihazlardan serverlərə qədər geniş miqyasda istifadə olunur.

Linux Kernel nə işə yarayır?

Linux bir kompüter sisteminin əsas funksiyalarını yerinə yetirən bir infrastruktur təmin edir. Əməliyyat sistemi üzərində çalışan bütün proqramlar əsas olaraq Linux nüvəsinə sorğular göndərir və onun cavabları əsasında işləyir.

Linux nüvəsinin əsas funksiyaları bunlardır:

  • Proseslərin idarəsi. İstifadəçilərin tapşırıqlarını növbəli şəkildə yerinə yetirir.
  • Resursların idarəsi. Sistemin resurslarını (məsələn, yaddaş və prosessor) düzgün şəkildə bölüşdürür.
  • Sistemin sabitliyinin təmin edilməsi. İstifadəçi tələblərinə əsasən sistemin düzgün işləməsini təmin edir.

Linux nüvəsini istifadə edən əməliyyat sistemlərinə "Linux distroları" deyilir. Ubuntu, Fedora, Debian və CentOS bu distrolara aid məşhur nümunələrdir.

Linux nüvəsinin əsas funksiyaları

Nəyə görə Linux çox istifadə olunur?

Bunu bilmək üçün Linux-un əsas üstünlükləri nələrdir, onlara nəzər yetirək:

  • Təhlükəsizlik və stabil işləmə. Linux təhlükəsizliyi və sabit işləməsi ilə tanınır. Virus hücumlarına qarşı çox davamlıdır.
  • Avadanlıq üzərində idarəetmə asanlığı. Məsələn, sabit diskdən bir fayl oxunduqda Linux faylın fiziki olaraq hansı hissədə olduğunu müəyyən edir və istifadəçiyə bu faylı tam formada təqdim edir.
  • Effektivlik və çoxfunksiyalılıq. Serverlərdə, fərdi kompüterlərdə, hətta superkompüterlərdə belə istifadə olunur.

Linux-un ən əsas xüsusiyyətləri

  • Açıq mənbə və pulsuzdur. Linux-un kodları hər kəs üçün açıqdır. Bu, istənilən istifadəçinin sistemi öz ehtiyaclarına uyğun olaraq dəyişdirməsinə imkan yaradır.
  • Təhlükəsizlik. Linux yüksək səviyyədə təhlükəsizlik təmin edir. Virus və zərərli proqramlara Linux-da nadir hallarda rast gəlinir.
  • Müxtəlif distrolar (paylanmalar). Linux-un fərqli ehtiyaclara uyğun müxtəlif versiyaları mövcuddur. Məsələn:
    • Ubuntu — istifadəçi dostu interfeysi ilə məşhurdur.
    • Debian — sabit və etibarlı bir seçimdir.
    • CentOS — serverlər üçün geniş istifadə olunur.

Linux-u kimlər seçir?

Linux IT mütəxəssisləri, proqramçılar və sistem inzibatçıları arasında geniş yayılmışdır. Şirkətlər və qurumlar isə təhlükəsizlik, sabitlik və azxərcli həllər səbəbindən Linux-u üstün tuturlar.

Linux harada istifadə olunur?

  • Serverlər: internetdə gördüyünüz veb saytların böyük əksəriyyəti Linux serverlərində işləyir.
  • Mobil cihazlar: Android əməliyyat sistemi Linux nüvəsinə əsaslanır.
  • Superkompüterlər: dünyanın ən güclü kompüterlərinin çoxu Linux istifadə edir.
  • IoT (Internet of Things): Linux ağıllı cihazların idarə olunmasında geniş istifadə olunur.

Linux-un istifadə sahələri

Bəs Linux distroları nələrdir?

Linux nüvəsi (GNU/Linux) açıq mənbə və sərbəst şəkildə paylaşılan bir sistemdir. Bu kerneldən istifadə edilərək inkişaf etdirilən əməliyyat sistemlərinə Linux distroları (Linux distribution) deyilir.

Linux distroları GNU/Linux-un güclü və çevik strukturunu istifadə edərək fərqli istifadəçi tələblərinə cavab verən sistemlər kimi dizayn edilir. Hər bir Linux distrosu fərqli məqsəd və istifadəçi təcrübəsi üçün optimallaşdırılıb.

Linux Distribution

Linux-un açıq mənbə təbiətinə görə yüzlərlə fərqli distro mövcuddur. Əslində hər kəs öz ehtiyaclarına uyğun Linux distrosu yarada bilər. Lakin belə bir sistem yaratmaq üçün müxtəlif testlərin aparılması və uyğunluğun təmin edilməsi tələb olunur ki, bu da vaxt aparan bir prosesdir.

Linux distroları əsasən iki xüsusiyyətə görə qruplaşdırılır:

Paket idarəetmə sistemi:

  • dpkg (Debian Package Management System)
  • rpm (Red Hat Package Manager)
  • pacman və digər sistemlər.

Əsas baza:

  • Debian: Ubuntu, Pardus, Linux Mint bu bazaya əsaslanır.
  • Red Hat: CentOS, Fedora, Oracle Linux bu bazaya əsaslanır.
  • Arch: minimal və optimallaşdırılmış sistemlər yaradan Arch əsaslı distrolar mövcuddur.

Linux distrolarının ailə ağacı

Linux distroları arasındakı fərqlər

Linux distroları bir çox cəhətdən bir-birindən fərqlənir:

  • Paket idarəetmə sistemi: hər distronun öz unikal idarəetmə mexanizmi var.
  • Quraşdırma üsulu: istifadə asanlığına görə fərqlər yarana bilər.
  • Qrafik interfeys: GNOME, KDE və digər masaüstü mühitləri.
  • Məqsəd: gündəlik istifadə üçün və ya server, proqram inkişafı və s. üçün optimallaşdırılmış ola bilər.

Məsələn:

  • Ubuntu: yeni başlayanlar üçün ideal seçimdir. Vizual interfeysi və aktiv dəstək icmaları var.
  • CentOS: stabil işləməsi və LAMP kimi server mühitlərində istifadəsi ilə tanınır.
  • Fedora: yenilikçi və təcrübəli istifadəçilər üçün nəzərdə tutulmuşdur.

Bizə uyğun Linux distrosunu necə seçək bəs?

Linux distrosu seçərkən istifadənin məqsədini nəzərə almaq vacibdir:

  • Əgər gündəlik istifadə üçün rahat bir sistem axtarırsınızsa, Ubuntu və ya Linux Mint uyğun ola bilər.
  • Server və müəssisə mühitləri üçün isə CentOS, Red Hat Enterprise Linux və ya Debian kimi sistemlər tövsiyə olunur.
  • Minimal və optimallaşdırılmış sistemlər üçün Arch Linux və ya ona əsaslanan distrolar maraqlı seçimdir.

Ən çox istifadə edilən Linux distributivləri (versiyaları)

  • Ubuntu — istifadəsi çox asandır.
  • Debian — dünyaca ən məşhurlardandır.
  • CentOS — Red Hat Enterprise Linux üzərində qurulmuş, onunla çox uyğun olan pulsuz sistemdir. Sərbəst developerlər və istifadəçilər tərəfindən qurumlarda istifadəçilər və serverlər üçün yaradılmışdır. Bu gün yüzlərlə superkompüter CentOS sistemi ilə işləyir.
  • Mint — ən çox yüklənən distributivdir.
  • Red Hat Enterprise — pulludur, şirkətlərdə IT sahəsində istifadəçilər, serverlər və workstation-lar üçündür.
  • Fedora / Fedora Core — Red Hat şirkətinin pulsuz versiyasıdır.
  • Manjaro — təməli desktop istifadəsinə yönəlmişdir.
  • openSUSE — ən dəstəklənən və ən mükəmməl distributivlərdəndir.
  • Knoppix — native və ya virtual olaraq heç bir qurulma (setup) tələb etmədən birbaşa flashdan və ya CD-dən işləyə bilir. Bu versiyaya canlı sistem, həmin avadanlığa isə, məsələn, canlı USB deyilir.
  • Pardus — TÜBİTAK Türkiyə tərəfindən 2005-ci ildə yaradılmışdır.
  • Lin.az — Azərbaycan distributividir.

Məşhur Linux distroları

IT sahəsində ən çox istifadə edilən Linux Distribution-ları

  1. Red Hat — lisenziya lazımdır, texniki dəstək mövcuddur. 7/24 support olduğu üçün ödənişlidir.
  2. Ubuntu — serverlər üçün.
  3. CentOS — Red Hat ilə demək olar ki, 100% eynidir, pulsuz versiyasıdır. Red Hat-ı öyrənmək və ona keçid üçün yaradılıb.

Tails OS haqqında digər yazımızda daha ətraflı bəhs edəcəyik, burada qısa məlumat vermək istədik: bu əməliyyat sistemini hər hansı bir USB flash karta yazıb, qoşduğumuz kompüterdə onu yükləməyə ehtiyac olmadan birbaşa işlətmək olur. Bu sistem gizliliyi yüksək səviyyədə qoruduğu üçün adətən hakerlər, aktivistlər və jurnalistlər tərəfindən daha çox istifadə edilir. İşlərini bitirdikdən sonra flashkartı kompüterdən çıxarıb iz buraxmadan məxfi şəkildə həyatlarına davam edirlər.

Linux-un geniş yayılmış distrolarından istifadə edərək həm texnologiyaya yaxınlaşa, həm də ehtiyaclarınıza uyğun sistemlərdən faydalana bilərsiniz. Hər bir distronun öz icması və resursları olduğu üçün öyrənmək asandır və maraqlıdır.

Linux-un sadəliyi, təhlükəsizliyi və açıq mənbə olması onu IT mütəxəssislərinin, proqramçıların və həvəskar istifadəçilərin seçimlərindən birinə çevirir.

Məqaləni paylaşın

Cavad Mikayil

Cavad Mikayil

IT Manager - Network Security Engineer - PITS Technology Solutions

Bütün yazılara bax