
Heç olubmu ki, bir fayl yükləyəsiniz və içinizə şübhə düşsün? "Görəsən virusdur?", "Bunu açsam sistemimə nəsə olar?" deyə düşündüyünüz anlar mütləq olub.
Məhz belə vəziyyətlər üçün Windows-un içində gizlənmiş əla bir xüsusiyyət var: Windows Sandbox. Bir kliklə təmiz Windows kompüteri — gəlin Windows Sandbox ilə tanış olaq.
Windows Sandbox nədir?
Windows Sandbox-u kompüterinizin içində açılan müvəqqəti, təhlükəsiz bir otaq kimi təsəvvür edin:
- Təmiz, yeni bir Windows mühiti açılır (sanki bir VM-dir);
- İçində istədiyiniz proqramı quraşdıra bilərsiniz;
- Şübhəli faylı rahatlıqla açıb test edə bilərsiniz.

Ən gözəl tərəfi isə budur: Sandbox-u bağladığınız anda içindəki hər şey tamamilə silinir. Yəni əsas sisteminizə (məsələn, Windows 11 OS) heç bir zərər dəymir, heç bir iz qalmır.
Sandbox nə üçün bu qədər faydalıdır?
Gündəlik IT işləri görən mütəxəssislər, IT oxuyan tələbələr və ya sadəcə maraqlanan istifadəçilər üçün Sandbox əsl xilaskardır:
- Naməlum .exe faylını yoxlamaq — məsələn, vendorun mail ilə göndərdiyi faylı;
- Crack və portable proqramları test etmək — məsələn, crack edilmiş AutoCAD-i;
- Təlim üçün proqram qurub-silmək — dərs keçirsiniz, nəyisə nümayiş etdirirsiniz;
- Risk etmədən təcrübə aparmaq — məsələn, Kaspersky-ni test edirsiniz.
Hamısı təhlükəsiz şəkildə.

Bəs Windows Sandbox necə aktiv edilir?
Virtual maşınsız test mühiti olan Sandbox standart olaraq (default) bağlı olur, amma aktiv etmək çox asandır:
- Axtarış yerinə Windows Features yazın;
- Açılan pəncərədə Windows Sandbox seçimini tapın;

- Yanındakı işarəni qeyd edin (checkbox deyilir buna);

- OK düyməsinə basın;

- Sonda kompüteri restart edin.
Restartdan sonra artıq hazırdır: Start menyusuna daxil olub Windows Sandbox yazmağınız kifayətdir.

İçinə daxil olduqdan sonra brauzerdən nəsə yükləyə bilərik, öz kompüterimizdən nəsə kopyalayıb yapışdıra bilərik və s.
Sandbox-un istifadəsi necədir?
Sandbox açıldıqda qarşınıza tam təmiz Windows masaüstü çıxır.

Daha sonra:
- Kopyala-yapışdır — proqramı Sandbox-a köçürürsünüz;

- Install — proqramı quraşdırırsınız;
- Run — test edirsiniz, baxırsınız, yoxlayırsınız.

İşiniz bitdi? Pəncərəni bağladınız — bitdi!
Sandbox bağlandısa:
- Proqramlar silindi;
- Fayllar yox oldu;
- Virus varsa belə, əsas sistemə keçmədi.
Sadə, sürətli, təhlükəsiz. Sandbox-u bağladıqda yazdıqlarınız silinir və növbəti açılışda hər şey yenidən sıfırdan başlayır.

VirtualBox, Hyper-V və ya VMware varkən niyə Sandbox?
Belə bir sual verdiyinizi hiss edirik. Əlbəttə ki, VirtualBox və VMware əla virtuallaşdırma həlləridir, bu, sözsüzdür. Amma gündəlik kiçik testlər üçün Sandbox daha məntiqli seçimdir — üstünlükləri onlarla müqayisədə daha çoxdur.
Çünki Sandbox-da:
- ISO yükləmək lazım deyil — birbaşa Windows OS açılır;
- Saatlarla VM qurmağa, lisenziyaya və s. ehtiyac yoxdur;
- Əlavə proqram quraşdırmırsınız, diskiniz dolmur;
- 5 saniyəyə açılır, sürətlə qoşulursunuz;
- Ən əsası — sistemi yormur.

Qısası: ağır laboratoriyalar üçün VM (məsələn, DC və ya File Server quraşdırırsınızsa), sürətli testlər üçün isə Sandbox (məsələn, crack edilmiş bir proqramı qurub yoxlamaq üçün).
Windows Sandbox — çoxlarının bilmədiyi, amma bir dəfə istifadə etdikdən sonra vazkeçilməz olan bir xüsusiyyətdir. Windows-un gizli silahıdır: lazım olanda çıxarıb istifadə edirsiniz, sonra işinizə davam edirsiniz.
Əgər:
- Təhlükəsiz test etmək istəyirsinizsə,
- Sisteminizi riskə atmaq istəmirsinizsə,
- Vaxta qənaət etmək istəyirsinizsə —
Windows Sandbox mütləq sizin üçün əla seçimdir.
Windows Sandbox-u silmək (deaktiv etmək) üçün
- Axtarışa Windows Features yazın və açın;
- Siyahıdan Windows Sandbox seçimini tapın;
- Qeyd işarəsini ✔️ götürün (disable edin);

- OK düyməsinə basın;
- Daha sonra kompüteri restart edin.
Restartdan sonra Windows Sandbox deaktiv edilmiş (silinmiş) olacaq.



